Bakı funikulyoru şəhərimizin gözəlliyini seyr etmək üçün əla vasitədir. Yüksəkliyə qalxdıqca qarşımızda açılan mənzərə daha da gözəlləşir və şəhərin bütün gözəlliyini tam formada görə bilirik. Ona görə də biz böyük məmuniyyətlə onun rekonstruksiya işinə 2011-ci ildə başladıq.

       İlk dəfə 1980-ci illərin sonlarında qəza vəziyyətində olduğu əsas gətirilərək istifadəsi dayandırılıb. Uzun müddət istifadəsiz qalan bu nəqliyyat vasitəsi 2001-ci ilin sonunda təmir edilərək yenidən istifadəyə verilib. Növbəti dəfə isə 2007-ci ildə təmir olunub. Bu təmirdən sonra vaqonların hərəkəti zamanı yaranan müxtəlif səs-küylər minimuma endirilib. Lakin budəfəki təmir də funikulyoru uzunömürlü etməyib. Müəyyən fasilələrlə işləyən funikulyor 2011-ci ilin aprelində yenidən əsaslı təmirə dayandırılıb. Nəhayət, 2012-ci il may ayının 23-də funikulyor tam müasir görkəmdə yenidən insanların istifadəsinə verildi.